BANK

11 İyul

Almaniyadan Azərbaycana investisiyalar 61% artdı

Finss.az - 2025-ci ilin birinci rübündə Almaniyadan Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 4,361 milyon ABŞ dolları olub.

Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankından əldə edilib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə Almaniyadan Azərbaycana yatırılan investisiyalar 1,652 milyon ABŞ dolları və ya 61% artıb. 2024-cü ilin ilk rübündə bu göstərici 2,709 milyon ABŞ dolları təşkil edirdi.

Hesabat dövründə Azərbaycandan Almaniya iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi isə 11,901 milyon ABŞ dolları olub. Bu, illik müqayisədə 4,619 milyon ABŞ dolları (63,4%) artım deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 7,282 milyon ABŞ dolları idi.

Ümumilikdə, 2025-ci ilin ilk üç ayında Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyadan yatırılan investisiyaların payı 0,3%, Azərbaycandan Almaniyaya olan investisiyaların payı isə 3,8% təşkil edib.

Qeyd edək ki, bu ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına ümumi birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% artım deməkdir. Digər tərəfdən, Azərbaycandan xarici iqtisadiyyata yönələn birbaşa investisiyalar 315,116 milyon ABŞ dolları təşkil edib ki, bu da 4,6% azalma anlamına gəlir.