Finss.az - Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə media nümayəndələrinin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə İyulun 9-da media nümayəndələri üçün təlim keçirilib.
Təlim iştirakçılarına Azərbaycan Respublikasında əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, cari ilin 01 iyul tarixinə ipoteka kreditləşməsi hesabına 54816 ailə və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə isə 7280 ailə mənzil şəraitini yaxşılaşdırıb.Onların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Eyni zamanda, media nümayəndələrinə İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi sahibkarlığa dəstək alətləri barədə ətraflı məlumatlar verilib. Qeyd edilib ki, Fondun zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən 590 milyon manatdan artıq kredit verilib.
Təlim zamanı mövzular üzrə ətraflı müzakirələr təşkil olunub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Sonda media nümayəndələrinə sertifikatlar təqdim edilib.


