İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin maksimal məbləği (150 min manat) artırılmasına hazırda zərurət yoxdur.
Finss.az xəbər verir ki, bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib.
O vurğulayıb ki, hazırda kreditlərin orta məbləği təxminən 102 min manatdır və bu göstərici 150 min manata yaxınlaşdıqda yuxarı həddin artırılması məsələsinə baxıla bilər. Lakin indiki vəziyyətdə maksimal məbləğin artırılması iqtisadiyyata multiplikativ təsir göstərə, daşınmaz əmlak bazarında volatilliyaya səbəb ola bilər.
“Bizim əsas məqsədimiz aşağı və orta gəlirli vətəndaşların ipoteka kreditlərinə çıxışını təmin etməkdir. Daha yüksək məbləğli kredit və ya bahalı əmlak almaq istəyənlər bankların daxili ipoteka proqramlarından faydalana bilərlər. Fond isə cəlb etdiyi resurslarla mümkün qədər çox vətəndaşın mənzil təminatını yaxşılaşdırmağa çalışır,” – deyə R.Abdullayev əlavə edib.
Fond rəsmisinin sözlərinə görə, hazırda bazarda ipoteka kreditlərinə tələbat 1,2 milyard manat səviyyəsindədir. “Biz vətəndaşların müraciətlərini izləyir və bu tələbi maksimum dərəcədə qarşılamağa çalışırıq,” – deyə o qeyd edib.
Fuad Mədətov
Finss.az