BANK

09 İyul

Mərkəzi Bank avronun bahalaşmasına münasibət bildirib

Finss.az - Azərbaycan Mərkəzi Bankı ticarət tərəfdaşlarının məzənnələrində baş verən dəyişiklikləri davamlı şəkildə izləyir və təhlil edir.

Ümumiyyətlə, makroiqtisadi göstəricidə baş verən dəyişikliyin təsirinə bir neçə istiqamətdə - göstəricinin dəyişməsinin səbəbi, bu dəyişkənliyin istiqaməti və davamlılığı və onun potensial təsirləri istiqamətində baxılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.

Son dövrlərdə avronun məzənnəsində müşahidə olunan möhkəmlənmə, əsasən, ABŞ dollarının indeksindəki zəifləmə ilə izah olunub:

“2025-ci ilin ilk 6 ayında spot dollar indeksi 10.7% ucuzlaşıb. Məlum olduğu kimi, ABŞ dolları manata qarşı sabitdir. Bu səbəbdən avronun ABŞ dollarına qarşı bahalaşması nəticəsində avro manata qarşı da bahalaşıb”.

Məlumata görə, spot dollar indeksinin ucuzlaşması davamlı olmaya bilər:

“Qiymətləndirmələr göstərir ki, təqribən son 20 ildə spot dollar indeksinin baza səviyyəsi 2006-cı ilin yanvar ayı 100 götürülməklə 80.7-126.0 intervalında dəyişib. Bu dövrdə orta göstərici 101.4 olub. Bu, dollar indekslərinin dəyişkən olduğunu və uzunmüddətli dövrdə orta səviyyəyə qayıtma meylinə malik olduğunu göstərir”.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfdaş ölkələrdə gedən prosesləri diqqətlə izləyir, inflyasiyanın risk balansını daim qiymətləndirir və bundan sonra da qiymət sabitliyini təmin etmək məqsədilə arsenalındakı bütün alətlərdən adekvat şəkildə istifadə edəcək.