İslam İnkişaf Bankı 2023-cü ilin fevralında baş vermiş zəlzələlərdən zərər çəkmiş vilayətlərdə və böyük şəhərlərdə bələdiyyə infrastrukturunun davamlı inkişafını dəstəkləmək məqsədilə Türkiyəyə 200 milyon avro həcmində maliyyə paketi təqdim edəcək.
Finss.az xəbər verir ki, bu barədə məlumat Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi tərəfindən yayımlanıb.
Razılaşmaya əsasən, maliyyə iki tranş şəklində təqdim olunacaq:
- 150 milyon avro – zəlzələdən zərər çəkmiş bölgələrdə infrastrukturun yenidən qurulması üçün;
- 50 milyon avro – şəhərdaxili nəqliyyat sistemlərinin yaxşılaşdırılması məqsədilə.
İslam İnkişaf Bankı Qrupunun Türkiyədəki Regional Mərkəzinin rəhbəri Valid Əbdül Vəhhab bildirib ki, bu layihə Türkiyənin zəlzələdən sonrakı bərpa prosesini sürətləndirəcək və ölkənin gələcək fəlakətlərə qarşı dayanıqlılığını artıracaq.
Layihə “Bərpa və dayanıqlılıq üçün bələdiyyə infrastrukturu” proqramı çərçivəsində həyata keçiriləcək və iqlim dəyişikliyi ilə mübarizədə bələdiyyə xidmətlərinin gücləndirilməsinə, o cümlədən içməli su təchizatı, çirkab suların təmizlənməsi, bərk tullantıların idarə olunması və şəhər nəqliyyatı infrastrukturu sahələrinə investisiyaların artırılmasına yönəlib.
Valid Əbdül Vəhhab əlavə edib ki, bu maliyyə dəstəyi bələdiyyələrin dayanıqlı inkişaf yolunda irəliləməsinə ciddi töhfə verəcək.
Fuad Mədətov
Finss.az