BANK

07 İyul

"Hermes Finance"ın mənfəəti 33% azaldı

Finss.az - Lizinq xidmətləri göstərən “Hermes Finance” ASC 2024-cü ili 840 min manat xalis mənfəət ilə başa vurub.

Bu, əvvəlki ilin nəticəsi ilə müqayisədə 415 min manat və ya 33% azalma deməkdir. Şirkət 2023-cü ildə 1 milyon 255 min manat xalis mənfəət əldə etmişdi.

Mənfəət azalmasına əsas səbəb kimi gəlirlərin aşağı düşməsi və paralel olaraq bir sıra xərclərin, xüsusilə işçi heyəti üzrə xərclərin artması göstərilir. 2023-cü ildə 6,28 milyon manat olan faiz gəlirləri ötən il 5,71 milyon manata enib (azalma 9,1%).

Bundan əlavə, şirkətin maliyyə göstəricilərində də geriləmə müşahidə olunub. 2024-cü ilin sonuna “Hermes Finance”ın cəmi aktivləri 4,6 milyon manat və ya 15% azalaraq 25,9 milyon manata, lizinq portfeli isə 4,61 milyon manat və ya 19% azalaraq 19,5 milyon manata düşüb.

31 dekabr 2024-cü il tarixinə şirkətin nizamnamə kapitalı 900 min manat təşkil edib. Səhmdarları arasında Sadiq Səbinə (50%), Mehrəliyeva-Rzayeva Nuranə (22,67%) və Cəfərov Rəvan (28,33%) yer alır.

2018-ci ildə təsis olunan “Hermes Finance” əsasən avtomobil lizinqi sahəsində fəaliyyət göstərir. Şirkət eyni zamanda “Caspian Auto Import” ASC-də 66,6% və “Baku Leasing” ASC-də 50% paya sahibdir. Maraqlı məqamlardan biri də odur ki, “Hermes Finance”ın faktiki ünvanında “Level Lizinq” adlı digər şirkət də fəaliyyət göstərir.