Bakıda “Məlumatdan Qərarlara: Kredit Bürolarının Gələcəyi” mövzusuna həsr olunmuş ilk beynəlxalq konfrans baş tutub.
Finss.az xəbər verir ki, tədbirə kredit məlumatı təminatçıları, bank sektorunun təmsilçiləri və beynəlxalq ekspertlər qatılıb. Mövzu geniş idi: kredit riski, süni intellekt, məlumatların idarə edilməsi və rəqəmsal identifikasiya kimi bu günün aktual məsələləri masaya yatırılıb.
Konfransın açılışında Azərbaycan Mərkəzi Bankı və kommersiya banklarının rəhbər şəxsləri çıxış ediblər. Eyni zamanda, Azərbaycan Kredit Bürosu, region ölkələrinin kredit büroları və ACIPE təşkilatının təcrübələri təqdim olunub.
Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev çıxışında bildirib ki, artıq kredit hesabatlığı təkcə borcalanın skorinqi ilə məhdudlaşmır. Yeni dövrdə kredit büroları maliyyə sisteminin əsas informasiya dayaqlarından birinə çevrilib.
“Kredit büroları informasiya boşluqlarını azaldaraq məsuliyyətli kreditləşməyə təkan verir. Onlar həm də mərkəzi bankların makroiqtisadi risk modelləri qurması, stress-testlər aparması və yeni siyasət alətləri tətbiq etməsi üçün vacib resursa çevrilib”, – deyə T.Əliyev vurğulayıb.
O, həmçinin bildirib ki, kredit bürolarının rolu təkcə maliyyə əlçatanlığını artırmaqla bitmir. Bu gün daha təkmil analitik yanaşmalar sayəsində kredit tarixçələrinin istifadəsi daha da dərinləşib.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev isə çıxışında bank sektorundakı yüksəlişə toxunub:
“2024-cü ildə bank aktivləri 53 milyard manata çatıb ki, bu da 2018-ci illə müqayisədə 80% artım deməkdir. Kredit portfeli isə son 7 ildə 125% böyüyərək 29,3 milyard manata yüksəlib. Vaxtı keçmiş kreditlərin həcmi isə 72% azalıb və hazırda 449 milyon manatdır”.
Tədbirdə iştirak edən ACIPE İdarə Heyətinin sədri, Qazaxıstanın First Credit Bureau rəhbəri Ruslan Omarov konfransın beynəlxalq əməkdaşlığa yeni imkanlar açacağına inandığını bildirib. Onun sözlərinə görə, kredit büroları artıq sadəcə məlumat toplayan deyil, sistemqurucu oyunçulara çevriliblər.
“Kredit məlumatları maliyyə şəffaflığının əsasını təşkil edir. Biz bu məlumatların dəqiqliyinə və təhlükəsizliyinə ciddi önəm verməliyik. Xüsusilə, məlumatlar yalnız yetkili qurumlarla paylaşılmalıdır”, – deyə o qeyd edib.
Konfrans çərçivəsində kredit məlumatlarının mübadiləsi və qarşılıqlı anlayışla bağlı beynəlxalq memorandumun imzalanması da nəzərdə tutulur.
Fuad Mədətov
Finss.az