BANK

18 İyun

AMB və Beynəlxalq Maliyyə Korporasiyasının əməkdaşlığı ilə bank sektorunda iqlim risklərinin idarə olunması üzrə onlayn təlim keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankının Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığı çərçivəsində iqlim risklərinin idarə olunması mövzusunda onlayn təlim proqramı təşkil olunub.

Finss.az xəbər verir ki, bank sektorunun nümayəndələrinin iştirakı ilə keçən təlimdə iqlim risklərinin idarə olunması, yaşıl və dayanıqlı maliyyə alətlərinin inkişafı, müasir yanaşmalar və tətbiq edilən çərçivələr barədə geniş məlumat təqdim olunub.

Təlimin ilk sessiyası “İqlim risklərinin idarə olunmasına giriş: Məqsədlər, faydalar və çərçivələr” mövzusuna həsr olunub. Bu sessiya zamanı iqlimlə bağlı maliyyə riskləri, onların bank və maliyyə sektoruna təsiri, iqlimlə əlaqəli çağırışlarda tənzimləyicilərin və nəzarət qurumlarının artan rolu nəzərdən keçirilib. Bundan əlavə, iqlim risklərin idarə edilməsi və stres-testləşmə sahəsində beynəlxalq standartlar üzrə ən yaxşı təcrübələrə dair məlumatlar təqdim olunub.

İkinci sessiya isə “Fiziki və keçid iqlim risklərinin idarə olunması” mövzusunu əhatə edib. Bu sessiya çərçivəsində iqlim riskinin əhəmiyyətlilik konsepsiyası, mitiqasiyası və qiymətləndirilməsi üzrə ən müasir yanaşmalar qeyd olunub.

Beləliklə, proqramın yekununda iştirakçılar iqlim dəyişikliyi və iqlimlə bağlı risklərin maliyyə sistemlərinə təsirini daha yaxşı anlamaq və bu risklərə qarşı strateji qərarların qəbulunda daha hazırlıqlı olmaq imkanı əldə edib.

Mərkəzi Bank beynəlxalq tərəfdaşlarla birgə iqlim dəyişikliyi ilə mübarizənin effektivliyinin təmin olunması və ölkədə yaşıl keçidə təkan verəcək əlverişli ekosistemin formalaşdırılması istiqamətində bilik və təcrübələrin artırılmasına xüsusi önəm verir.

Fuad Mədətov
Finss.az