Ziraat Bank Azərbaycan, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditləri təqdim edir.
Finss.az xəbər verir ki, güzəştli kreditlər zəmanətli və zəmanətsiz olaraq verilir, ilkin ödəniş 15%-dən başlayır. 100 000 AZN-ə qədər 3 ildən 30 ilə qədər müddətə zəmanətli ipoteka krediti illik 3.7%, zəmanətsiz kredit isə illik 4% dərəcə ilə təqdim olunur.
Zəmanətli ipoteka kreditindən istifadə etmək istəyənlər Fond tərəfindən müəyyən olunmuş zəmanət haqqını ödəməlidir. Müraciətlər yalnız Elektron Hökumət Portalı (www.e-gov.az) vasitəsilə qəbul edilir. Müraciət etmək üçün Elektron İmza Tokeni və ya ASAN imza tələb olunur.
Güzəştli ipoteka kreditindən istifadə hüququ olan şəxslər və ailələr bu imkandan yalnız bir dəfə yararlana bilər. Kreditlər fərdi yaşayış evləri, bağ evləri və 1970-ci ildən sonra inşa edilmiş çoxmənzilli binalardakı mənzillərin alınması üçün verilir. Kredit üzrə aylıq ödənişlər annuitet üsulu ilə bərabər hissələrlə həyata keçirilir.
Borcalanların həyatını qorumaq məqsədilə, kredit aldıqda həyat sığortası əldə etmək tövsiyə olunur. Həyat sığortası borclunun vəfatı və ya əmək qabiliyyətinin itirilməsi halında kredit borcunun ödənilməsini təmin edir.
Güzəştli ipoteka kreditinə müraciət edə bilən şəxslər arasında 35 yaşdan aşağı gənc ailələr, şəhid ailələri, Vətən Müharibəsi və Milli Qəhrəmanların ailə üzvləri, məcburi köçkünlər, dövlət qulluğunda və təhsil sahəsində müəyyən müddət işləyən şəxslər, fəlsəfə doktorları və idman sahəsində xüsusi xidmətləri olanlar yer alır. Bundan əlavə, yaşından və ailə vəziyyətindən asılı olmayaraq elmlər doktorları, hərbi qulluqçular və daxili işlər orqanlarında xidmət keçən şəxslər də müraciət edə bilər.
Ətraflı məlumat üçün: //ziraatbank.az/az/guzestli-dovlet-ipoteka-krediti
Fuad Mədətov
Finss.az