Ziraat Bank Azərbaycan ASC Türkiyədə daşınmaz əmlak almaq istəyən Azərbaycan vətəndaşlarına ipoteka krediti təqdim edir.
Finss.az xəbər verir ki, bankın açıqladığı şərtlərə əsasən, kredit yalnız Azərbaycan Respublikası vətəndaşlarına verilir və minimum yaş həddi 22 olaraq müəyyən edilib. Kreditin bitmə tarixi isə borcalanın təqaüd yaşını keçməməlidir.
Kreditin məbləği alınacaq əmlakın ekspert dəyərinin maksimum 70%-nə qədər müəyyən olunur və ödənişlər aylıq annuitet qaydasında həyata keçirilir. Kreditin müddəti 60 ayadək nəzərdə tutulub. Minimal Effektiv İllik Faiz Dərəcəsi (FİFD) isə 12.95%-dən başlayır.
Əsas təminat kimi alınacaq daşınmaz əmlak ipoteka predmetinə çevrilir. Zəruri hallarda zaminlik və digər təminat formalarından da istifadə oluna bilər.
Bank müştərilərə ipoteka prosesi çərçivəsində daşınmaz əmlakın qiymətləndirilməsi və digər əməliyyatlarda tərəfdaş şirkətləri, eləcə də sığorta məsələlərində “Türkiye Sığorta” şirkətini cəlb etməklə dəstək verir. Razılaşdırılmış şərtlər əsasında, müştərinin ödəyəcəyi ilkin 30%-lik və bank tərəfindən ayrılan kreditin məbləği, əmlakın girov prosesi tamamlandıqdan sonra satıcının Türkiyə Ziraat Bankındakı hesabına köçürülür. Ekspertiza, ipoteka və sığorta xərcləri isə müştərinin özü tərəfindən qarşılanır.
Ziraat Bank, kredit götürən şəxslərə həyat sığortası əldə etməyi də tövsiyə edir. Bu sığorta növü borcalanın vəfatı və ya əmək qabiliyyətini itirməsi hallarında kreditin ödənilməsini təmin edir və borcalanın ailəsini əlavə borc yükündən qoruyur. Sığorta təminatı seçilmiş sığorta şirkətinin şərtlərinə uyğun olaraq fərqlənə bilər.
Sığorta qaydaları ilə daha ətraflı tanış olmaq üçün linkə keçid etmək mümkündür: //e-qanun.az/framework/56958
Ətraflı məlumat üçün: //ziraatbank.az/az/evin-ziraat-bankdan
Fuad Mədətov
Finss.az