BANK

10 İyun

“Troni İnvestisiya Şirkəti” 2024-cü ili rekord zərərlə başa vurub

Finss.az - “Troni İnvestisiya Şirkəti” QSC 2024-cü maliyyə ilini 1 milyon 74 min manat xalis zərərlə yekunlaşdırıb.

Bu, əvvəlki illə müqayisədə zərərin 5 dəfəyə yaxın artması deməkdir.

Banker.az xəbər verir ki, bu barədə məlumat şirkətin dərc edilmiş maliyyə hesabatında əks olunub. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə “Troni İnvestisiya Şirkəti”nin xalis zərəri cəmi 224 min manat təşkil edirdi.

Hesabat dövründə şirkətin ümumi gəliri cəmi 8 min 925 manat olub. Bunun fonunda ümumi və inzibati xərclər 766 min manata, maliyyə xərcləri isə 9 min 492 manata çatıb. Bu göstəricilər şirkətin gəlirləri ilə müqayisədə xərclərin kəskin yüksək olduğunu göstərir.

Maliyyə hesabatına əsasən, 2024-cü ilin sonunda “Troni İnvestisiya Şirkəti”nin cəmi aktivləri 1 milyon 864 min manat təşkil edib ki, bu da illik müqayisədə 1% azalma deməkdir. Daha diqqətçəkən məqam isə şirkətin kapitalındakı ciddi geriləmdir. Belə ki, 2023-cü ildə 1 milyon 878 min manat olan cəmi kapital 2024-cü ilin sonuna 26 min manata düşüb. Əvəzində isə öhdəliklər 6 min manatdan 1 milyon 838 min manata qədər artıb.

Qeyd edək ki, “Troni İnvestisiya Şirkəti” QSC 2021-ci ilin oktyabrında dövlət qeydiyyatına alınıb və 2022-ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankından investisiya şirkəti kimi fəaliyyət göstərmək üçün lisenziya əldə edib. Şirkətin nizamnamə kapitalı 1 milyon 463 min manat təşkil edir.