Finss.az - “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC 2024-cü ili 652,2 min manat xalis zərərlə başa vurub.
Halbuki, təşkilat 2023-cü ildə 14,2 min manat mənfəət əldə etmişdi.
Banker.az xəbər verir ki, BOKT-un 2024-cü il üzrə illik audit hesabatına əsasən, şirkət 317,9 min manat faiz gəliri əldə edib ki, bu da əvvəlki ilin 580,6 min manatlıq göstəricisindən 262,7 min manat və ya 45,2% azdır.
Maliyyə nəticələrindəki zəifləmə təkcə gəlir tərəfdə deyil, aktivlərin ümumi həcminə də təsir göstərib. Belə ki, BOKT-un aktivləri 2023-cü ilin sonu ilə müqayisədə 1,02 milyon manat və ya 41,2% azalaraq 2,48 milyon manatdan 1,46 milyon manata düşüb. Bu azalmada əsas rol oynayan faktor isə kredit portfelindəki geriləmədir. 2024-cü ilin sonuna kredit portfeli 410 min manat və ya 22,4% azalaraq 1,42 milyon manata enib.
Xatırladaq ki, “İDK” MMC 2011-ci ildə təsis olunub və hazırda 722 min manat nizamnamə kapitalına malikdir. Şirkətin 100% payı Əliyar Əsgərova məxsusdur. O, həm də BOKT-un Müşahidə Şurasının sədridir.