Finss.az - İyunun 2-də Azərbaycan Daxili İşlər Nazirliyinə (DİN) daxil olan müraciətlər əsasında vətəndaşların bank hesablarından müxtəlif məbləğlərdə vəsaitlərin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib. DİN-in mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, ümumilikdə bir neçə şəxsin hesabından 3000, 1803, 390, 200, 100, 100, 98, 90, 70, 63, 51 manat və 34 ABŞ dolları məbləğində vəsait qeyri-qanuni yolla çıxarılıb.
Nazirlik bildirir ki, zərərçəkmişlər naməlum şəxslərin saxta xarici nömrələrdən, sosial şəbəkə profillərindən və ya mesajlardan göndərdikləri vədlərə və təkliflərə inanaraq, heç bir dəqiqləşdirmə aparmadan öz bank məlumatlarını – kart nömrəsi, istifadə müddəti, arxa hissəsindəki CVV/CVC kodu, həmçinin mobil nömrəyə gələn OTP (birdəfəlik parol) kodlarını qarşı tərəflə paylaşıblar.
DİN vətəndaşlara bir daha xatırladır ki:
Bank kartları ilə bağlı naməlum zənglərə və mesajlara cavab verməyin, bu kimi şəxslərlə danışıq və yazışma aparmayın – dərhal blok edin.
Qeyd edək ki, son dövrlərdə internet üzərindən edilən bu tip fırıldaqçılıq halları artmaqdadır. Mütəxəssislər və hüquq-mühafizə orqanları vətəndaşları daha diqqətli olmağa, şəxsi maliyyə məlumatlarını yalnız rəsmi kanallarla paylaşmağa çağırırlar.