BANK

02 İyun

Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1% azalıb

Cari ilin aprel ayının sonuna Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,516 milyard manat təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mart ayının sonu ilə müqayisədə 15 milyon manat və ya 1% azdır.

Belə ki, cari ilin mart ayının sonunda Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,531 milyard manat idi.

Qeyd edək ki, bu ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,952 milyard manat olub. Bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 17,7 milyon manat və ya 0,12% çoxdur. Belə ki, cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat olmuşdu.

Biznes kredit portfelinin 984,7 milyon manatını dövlət fondları hesabına formalaşan kreditlər təşkil edib.

Xatırladaq ki, cari ilin 1 aprel tarixinə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin sayı 12 min ədəddir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 6,1%-ini kiçik sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (34,5%), “Tikinti” (12,5%), “Emal sənayesi” (9,8%) və “Peşə, elmi və texniki fəaliyyət” (7,5%) sahələrində yaradılıb.

Fuad Mədətov
Finss.az