BANK

13 May

İnvestisiyaların 50,9 faizi məhsul istehsalına sərf edilib

Finss.az - 2025-ci ilin ilk dörd ayında əsas kapitala yönəldilən investisiya həcmi 5 milyard 69,3 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalma göstərir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft-qaz sektoruna qoyulan investisiyalar 22,7 faiz azalıb, qeyri-neft-qaz sektoruna isə 5,3 faiz artıb.

İstifadə olunmuş investisiyanın 50,9 faizi, yəni 2 milyard 578,8 milyon manatı məhsul istehsalı sahələrinə sərf edilib. Xidmət sahələrinə 1 milyard 627,6 milyon manat (32,1 faiz), yaşayış evlərinin tikintisinə isə 862,9 milyon manat (17 faiz) yönəldilib.

Əsas kapitala yönəldilmiş investisiyaların 74,4 faizi daxili investisiyalar olub. Bununla yanaşı, investisiyaların 78,3 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Bu göstəricilər, Azərbaycanın iqtisadi inkişafında qeyri-neft sektorunun artan rolunu və daxili investisiyaların əhəmiyyətini vurğulamaqla yanaşı, eyni zamanda tikinti və məhsul istehsalı sahələrindəki investisiya axınının davamlı olduğunu göstərir.