"Rabitəbank" ASC sahibkarlara bizneslərinin inkişafını dəstəkləmək üçün yeni bir xidmət təqdim edir.
Finss.az xəbər verir ki, “Sifarişlərin Maliyyələşdirilməsi” adı altında təqdim olunan bu kredit məhsulu, alıcı ilə rəsmi müqavilə əsasında mal və xidmətlər satan hüquqi və sahibkar fiziki şəxslərə maliyyələşdirmə imkanı verir.
Yeni xidmətin təyinatı, təchizatçının sifarişləri icra etməsi üçün müvafiq maliyyələşmə təmin etməkdir. Maliyyələşdirmə limiti, alqı-satqı və xidmət müqavilələri əsasında təqdim olunan sifariş və xidmət orderlərinin ümumi məbləğinin ƏDV çıxıldıqdan sonra 80%-ni keçməmək şərti ilə müəyyən edilir. Minimum maliyyələşdirmə məbləği 30 000 AZN, maksimum isə 1 000 000 AZN ekvivalentindədir. Hər bir sifariş və ya xidmət orderi üzrə minimal məbləğ 500 AZN olaraq təyin edilib.
Kreditin müddəti alıcı ilə təchizatçı arasında imzalanan müqavilənin və xidmətə görə ödəmə müddətindən çox olmamaq şərti ilə maksimum 6 ay olaraq müəyyən edilir. Kreditin illik faiz dərəcəsi 30 001 - 250 000 AZN arası üçün 16%, 250 000 - 1 000 000 AZN arası üçün isə 14% təşkil edir. Effektiv illik faiz dərəcəsi (FİFD) isə minimum 14%-dən maksimum 19.5%-ə qədər dəyişir.
Təminat kimi sifariş və xidmət orderləri, təchizatçının zaminliyi və digər zaminliklər tələb oluna bilər. Kreditin rəsmiləşdirilməsi üçün hüquqi sənədlərlə yanaşı, bank hesabları üzrə dövriyyə hesabatı, sifarişlə bağlı rəsmi müqavilələr və təsdiq olunmuş sifariş orderləri təqdim edilməlidir.
Rabitəbankın yeni xidməti, KOB-ların təchizat zəncirlərində maliyyə axınlarını sürətləndirərək, bizneslərin inkişafına müsbət təsir göstərəcək. Yeni kredit məhsulu ilə sahibkarlar daha çevik maliyyə resurslarından faydalana biləcəklər.
Ətraflı məlumat üçün keçid: //www.rabitabank.com/biznes/kreditler-biznes-aze/sifarislerin-maliyyelesdirilmesi
Fuad Mədətov
Finss.az