BANK

08 May

FED faiz dərəcələrini dəyişməz saxladı

Finss.az - ABŞ Federal Ehtiyat Sistemi (FED) 2025-ci ilin may ayı iclasında uçot dərəcəsini dəyişməyərək 4,25-4,5% aralığında saxladı.

Qərar iqtisadi artım risklərinin yüksəlməsi və inflyasiyanın hələ də hədəf səviyyənin üzərində qalması fonunda qəbul edilib. Eyni zamanda, Tramp administrasiyasının tətbiq etdiyi tariflərin iqtisadiyyata təsiri ilə bağlı qeyri-müəyyənlik FED-in ehtiyatlı davranmasına səbəb olub.

FED sədri Cerom Pauell mətbuat konfransında bildirib ki, mövcud şəraitdə faiz dərəcələrinin dəyişdirilməsi üçün ciddi əsas yoxdur və mərkəzi bank “gözlə və gör” strategiyasını üstün tutur. “Əlavə məlumatları gözləmək bizə daha sağlam qərar vermək imkanı yaradır,” – deyə Pauell vurğulayıb.

İqtisadçıların reaksiyası da qərarın məntiqini dəstəkləyir. BofA analitikləri bildiriblər ki, mövcud qeyri-müəyyənlik fonunda FED-in faizləri sabit saxlamaq qərarı gözləniləndir və yaxın aylarda endirim ehtimalı zəifdir. Wells Fargo, Macquarie, Capital EconomicsDeutsche Bank analitikləri də bənzər mövqe sərgiləyərək 2025-ci ilin sonuna qədər faiz dərəcələrinin dəyişməz qalacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, tarif siyasəti və beynəlxalq ticarət gərginliyi ABŞ iqtisadiyyatına təzyiqləri artırmaqda davam edir. Həm istehlak xərclərində, həm də istehsal göstəricilərində ehtiyatlılıq müşahidə olunur. Bu isə FED-in növbəti aylarda qərarlarını daha çox makroiqtisadi göstəricilərə əsaslanaraq verməsinə səbəb olacaq.