BANK

07 May

Azərbaycan bank sektoru islahatları ilə regionun liderlərindəndir -"S&P Global Ratings"

Azərbaycan, Qazaxıstan və Ermənistanla yanaşı, Qafqaz və Mərkəzi Asiya regionunda bank sektoru islahatları ilə ən irəlidə olan ölkələrdən biridir.

Finss.az “SP Global Ratings” beynəlxalq reytinq agentliyinin məlumatına əsasən xəbər verir ki, bu islahatlar iki əsas istiqamətdə aparılır:

  1. Tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi: Azərbaycan bank sektorunda şəffaflığın artırılması, kapital adekvatlığının təmin olunması və institusional dayanıqlığın gücləndirilməsi məqsədilə mühüm addımlar atır. Bu islahatlar tənzimləyici orqanların effektivliyini artırmaqla yanaşı, maliyyə sabitliyinin qorunmasına da xidmət edir.

  2. Bank sektorunda potensial böhranların sistemli şəkildə idarə olunmasına imkan verən sağlamlaşdırma (resolution) rejiminin tətbiqi: “SP” agentliyi qeyd edir ki, Azərbaycan bu sahədə də Ermənistan və Qazaxıstanla birlikdə nəzərəçarpacaq irəliləyişlər göstərən ölkələr sırasındadır.

Hesabatda, ümumilikdə, EMEA regionunun (Avropa, Yaxın Şərq və Afrika) inkişaf etməkdə olan bazarlarında sağlamlaşdırma rejiminin tətbiqində ciddi ləngimələrin olduğu vurğulanır. Bu bazarlar beynəlxalq tənzimləmələri qəbul etsələr də, "resolution" rejiminin tam tətbiqinə keçid zəifdir.

Tərəddüdlərin səbəbləri arasında hökumət dəstəyinə olan inamın zəifləyə biləcəyi narahatlığı, yerli kapital bazarlarının məhdudluğu, beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarının zəifliyi və banklar üçün əlavə maliyyə yükü yaratma ehtimalı göstərilir. Həmçinin, bir çox ölkədə institusional çərçivələrin yetərincə inkişaf etməməsi bu prosesin qarşısını alan əsas amillərdən biri kimi qeyd olunur.

“SP” agentliyi bu səbəblərlə regionda sağlamlaşdırma rejiminin genişmiqyaslı tətbiqinin yaxın dövrdə mümkün olmayacağını proqnozlaşdırır.

Fuad Mədətov
Finss.az