BANK

25 Aprel

ADB ötən il Azərbaycana 626 milyon dollar maliyyə ayırıb

Asiya İnkişaf Bankı (ADB) 2023-cü il ərzində Azərbaycana ümumilikdə 626 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb.

Bu barədə Finss.az-a ADB-yə istinadən məlumat yayıb.

Bildirilib ki, ayrılan məbləğin 223,3 milyon dolları birbaşa kreditlərə yönəldilib. Bu kreditlərin 131,5 milyon dolları isə suveren kreditlər təşkil edir və Azərbaycanda dəmiryollarının inkişafı layihəsinin maliyyələşdirilməsinə yönəldilib.

Dövlət zəmanəti olmayan (qeyri-suveren) kreditlərin həcmi isə ötən il ərzində 91,6 milyon ABŞ dolları olub. Bu çərçivədə ADB:

  • Veysəloğlu Müasir Pərakəndə Şəbəkəsinin genişləndirilməsi üçün 10 milyon dollar,
  • Biləsuvar Günəş Elektrik Stansiyası üçün 48,1 milyon dollar,
  • Neftçala Günəş Elektrik Stansiyası üçün 33,5 milyon dollar məbləğində kredit ayırıb.

Həmçinin, Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı çərçivəsində 0,2 milyon dollar vəsait ayrılıb.

Birgə maliyyələşdirmə üzrə ayrılmış vəsaitin ümumi həcmi 399,1 milyon dollar təşkil edib. Bu məbləğin 398,3 milyon dolları layihələrə, 0,8 milyon dolları isə texniki məsləhət proqramlarına yönəldilib.

Qeyd olunur ki, Azərbaycan ADB-yə 1999-cu ildə üzv olub, 2004-cü ildən isə Bankın ölkədə nümayəndəliyi fəaliyyət göstərir. ADB, ölkənin iqtisadiyyatının şaxələndirilməsi, inklüziv inkişafın təşviqi və yeni iqtisadi imkanların genişləndirilməsi istiqamətindəki səylərinə dəstək verir. Bu çərçivədə Bank nəqliyyat, su təchizatı, enerji, maliyyə sektoru (bank və sığorta), təhsil, səhiyyə və digər sahələr üzrə 130-dan çox layihə üçün ümumilikdə 5,27 milyard ABŞ dolları həcmində maliyyələşdirmə həyata keçirib.

Fuad Mədətov
Finss.az