Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti alətlərinin tətbiqində maliyyə bazarlarındakı prosesləri və bank sisteminin likvidlik mövqeyindəki dəyişiklikləri nəzərə alır.
Bu barədə qurumun faiz dəhlizinə dair yaydığı press-relizdə bildirilir.
Qeyd olunub ki, qısamüddətli pul bazarında orta faizlər Mərkəzi Bankın müəyyən etdiyi faiz dəhlizi daxilində formalaşır. Banklararası pul bazarındakı faizlərin tənzimlənməsi məqsədilə AMB daimi imkanlarla yanaşı, 2025-ci ilin əvvəlindən etibarən müntəzəm olaraq 1 həftəlik REPO və əks-REPO əməliyyatlarını da həyata keçirib.
Aprel ayının ilk ongünlüyündə 1D AZIR indeksinin orta günlük faizi 7.68%, ikinci ongünlüyündə isə 7.21% təşkil edib.
Bununla yanaşı, 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən keçirilmiş hərrac çərçivəsində vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının sistem əhəmiyyətli banklarda depozit formasında yerləşdirilməsi bank sisteminin likvidlik mövqeyinə müsbət, 1D AZIR indeksinə isə azaldıcı təsir göstərib.