Finss.az - Çin Xalq Bankı (ÇXB) – ölkənin mərkəzi bankı – kreditlər üzrə baza faiz dərəcələrini sabit saxlayıb.
Birillik Kreditlər üzrə Baza Faiz Dərəcəsi (LPR) illik 3,1%, beşillik LPR isə 3,6% səviyyəsində qalıb.
Analitiklərin gözləntiləri də bu qərarla üst-üstə düşüb – bazarda faiz dəyişikliyi proqnozlaşdırılmırdı. Qeyd edək ki, bu faiz dərəcələri artıq altı aydır ki, dəyişdirilmir və tarixdəki ən aşağı səviyyədə qalır. Sonuncu dəfə Çin Mərkəzi Bankı 2024-cü ilin iyul və oktyabr aylarında faiz dərəcələrini azaltmışdı.
LPR (Loan Prime Rate) 2019-cu ilin avqustunda Çin Xalq Bankının faiz siyasətində islahatlar aparmasından sonra əsas göstərici kimi tətbiq olunmağa başlayıb. 2020-ci ildən etibarən banklara yeni verilən kreditlərin faizlərini LPR əsasında müəyyənləşdirmək tapşırılıb. Beşillik faiz dərəcəsi əsasən ipoteka kreditlərinə, birillik isə digər bütün kredit növlərinə təsir göstərir.
Bu qərar, Çin iqtisadiyyatında sabitliyin qorunması və kredit şərtlərinin yumşaq qalması məqsədilə atılmış addım kimi qiymətləndirilir.