İnflyasiyanın dəyişməsi həm daxili, həm də xarici amillərlə əlaqəlidir.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatına əsasən xəbər verir ki, inflyasiyanın azalmasına tərəfdaş ölkələrdəki müsbət tendensiyalar, manatın nominal effektiv məzənnəsinin güclənməsi və ölkədə həyata keçirilən antiinflyasiya siyasəti müsbət təsir göstərib.
AMB inflyasiyanı hədəf diapazonu daxilində saxlanılmasını təmin etmək üçün mövcud monetar siyasəti davam etdirməkdədir. Bu siyasət, inflyasiya gözləntilərinin sabitləşməsini və ümumi inflyasiyanın hədəf diapazonu olan 4±2% daxilində saxlanmasını nəzərdə tutur.
Hesabatda həmçinin, 2025-ci və 2026-cı illər üçün illik inflyasiyanın da hədəf daxilində olacağı proqnozlaşdırılır. Bu, Azərbaycanın iqtisadi sabitliyinin və inflyasiya ilə mübarizənin gücləndirilməsi istiqamətində davamlı səyləri əks etdirir.