2024-cü ildə qlobal geosiyasi və geoiqtisadi risklərin yaratdığı qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycanın iqtisadiyyatı davamlı artım nümayiş etdirib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatına əsasən xəbər verir ki, 2024-cü ildə ÜDM real ifadədə 4.1% artıb və nominal ifadədə 126 mlrd. manata çatıb.
Hesabat ilində qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olub. Qeyri-neft-qaz sektorunun ÜDM-dəki payı 68%-ə yüksəlib və bu sahədə 6.2% artım müşahidə olunub. Eyni zamanda, neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 0.3% artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 12.4 min manat təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ildə qeyri-neft sektorunun bütün sahələri üzrə artım müşahidə olunub. Xüsusilə nəqliyyat sektoru 14% artım ilə ən böyük inkişafı nümayiş etdirib.
Fuad Mədətov
Finss.az