Ötən il Azərbaycan Özbəkistan iqtisadiyyatına 93,1 milyon ABŞ dolları sərmayə qoyub.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu göstərici 2023-cü ildəki rəqəmlə müqayisədə 69,9 milyon ABŞ dolları və ya 4 dəfə artıb.
Birbaşa xarici investisiyaların ümumi həcmində Özbəkistana yatırılan Azərbaycan investisiyalarının payı 5,3% olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan Özbəkistana yatırılan investisiyaların həcmi 23,2 milyon ABŞ dolları təşkil etmişdi.
Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu, 2023-cü ilə nisbətən 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma deməkdir.
Qeyd edək ki, ötən il Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,6 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 953 min ABŞ dolları və ya 26% artıb. Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Özbəkistanın payı 0,9% olub.
Həmçinin, ötən il Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 10,96 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilə müqayisədə 937 min ABŞ dolları və ya 7,9% azalma deməkdir. Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Özbəkistanın payı 1% təşkil edib.
2023-cü ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 11,9 milyon ABŞ dolları olub.
Fuad Mədətov
Finss.az