BANK

09 Aprel

Azərbaycandan Gürcüstana birbaşa xarici investisiyalar 2 dəfəyə yaxın artıb

2024-cü ildə Gürcüstanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyaların həcmi 35,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumatlara görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 4,3 milyon ABŞ dolları və ya 10,8% azalıb. Bu da Gürcüstanın Azərbaycana birbaşa xarici investisiyalarının ümumi həcminin 0,5%-ni təşkil etməsinə səbəb olub.

Qeyd edək ki, 2023-cü ildə Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyalar 39,6 milyon ABŞ dolları olub.

Azərbaycan isə 2024-cü ildə Gürcüstan iqtisadiyyatına 165 milyon ABŞ dolları sərmayə qoyub, bu da 2023-cü illə müqayisədə 77,8 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur. Eyni zamanda, birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 9,4% təşkil edib.

2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 7 milyard ABŞ dollarından çox olub, bu da 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Fuad Mədətov
Finss.az