Ötən il İspaniyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 7,129 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ildəkı göstərici ilə müqayisədə, ötən il İspaniyadan Azərbaycan iqtisadiyyatına investisiyalar 5,958 milyon ABŞ dolları və ya 6,1 dəfə artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İspaniyadan yatırılan investisiyaların payı 0,1% təşkil edib.
Öz növbəsində, Azərbaycan ötən il İspaniya iqtisadiyyatına 53,710 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ilə nisbətən 29,653 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur. Birbaşa xarici investisiyaların ümumi həcmində İspaniyaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 3% təşkil edib.
2023-cü ildə İspaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,171 milyon ABŞ dolları, Azərbaycandan isə 24,057 milyon ABŞ dolları sərmayə İspaniyaya yönəldilib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəkı göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,762 milyard ABŞ dolları olub, bu isə 2023-cü ilə nisbətən 1,354 milyard ABŞ dolları və ya 43,3% azalma deməkdir.
Fuad Mədətov
Finss.az