Hesabat ilində Naxçıvan Muxtar Respublikasında 45 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,3 mln. manatadək güzəştli kredit verilib və maliyyələşdirilmiş layihələr hesabına 148 yeni iş yerinin açılması imkanı yaranıb.
Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, 2024-cü ildə arıçılığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti ilə ümumilikdə 4 layihəyə 258 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
2024-cü il ərzində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 5 layihəyə 370 min manat, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına isə 3 layihəyə 2,1 mln. manat olmaqla, ümumilikdə 8 kənd təsərrüfatı məhsullarının emalı layihəsinə 2,47 mln. manat dövlət maliyyə dəstəyi göstərilib.
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 28 layihəyə 1,1 mln. manat, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına isə 32 layihəyə 906 min manat olmaqla, ümumilikdə 60 kənd təsərrüfatıyönümlü layihəyə 2 mln. manat dövlət maliyyə dəstəyi göstərilib.
Naxçıvan Muxtar Respublikasında ümumilikdə 2,8 mln. manat dəyərində qeyri-yaşayış sahəsi, mehmanxana və digər dövlət əmlaklarının özəlləşdirilməsi həyata keçirilib.