BANK

12 Mart

Laqard: "İqtisadi şoklar inflyasiyaya daha güclü təsir edir"

Finss.az - Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard çərşənbə günü Frankfurt şəhərində keçirdiyi mətbuat konfransında avrozonanın iqtisadiyyatı qarşısında duran ciddi çağırışlara toxunub.

O bildirib ki, ticarət, müdafiə və iqlimlə bağlı yaranan problemlər, bölgədə qiymət artımının daha davamlı olma riskini artırır. Laqard, bu səbəbdən AMB-nin siyasətini müəyyənləşdirməkdə çətinlik çəkdiyini, lakin inflyasiya hədəfi olan 2%-i qorumağa daha çox diqqət yetirmələri lazım olduğunu vurğulayıb.

Laqardın sözlərinə görə, AMB iyun ayından etibarən faiz dərəcələrini altı dəfə endirib, lakin son zamanlar gələcək siyasət barədə konkret siqnallar verməyib. Bu da bazarlarda qeyri-müəyyənlik yaratmağa səbəb olub.

"Son illərdə və xüsusilə də son həftələrdə gözləntilərimiz tamamilə dəyişdi. Bir neçə ay əvvəl ağlasığmaz olan siyasi qərarların şahidi olduq," - deyə Laqard bildirib. Ticarət əlaqələrinin parçalanması və əlavə müdafiə xərcləri, iqtisadiyyatda qiymət dalğalanmalarına və daha yüksək inflyasiyaya yol aça bilər.

Bununla belə, AMB rəhbəri, belə şokların bir-birini neytrallaşdıraraq qiymət təzyiqini azalda biləcəyini qeyd edib. Laqardın fikrincə, inflyasiyanın böyük şoklara qarşı həddindən artıq həssas olması və bu cür genişmiqyaslı təlatümlərin inflyasiyanı daha davamlı edə biləcəyi bir həqiqətdir.

AMB-nin gələcək siyasətini daha şəffaf və proqnozlaşdırıla bilən etmək məqsədilə, Laqard bildirib ki, bank inflyasiyanı daimi olaraq 2% səviyyəsində saxlamağa söz verə bilməz, amma siyasətini belə qurmalıdır ki, inflyasiya orta müddətli perspektivdə bu hədəfi daim izləsin. O, həmçinin, bankın "reaksiya funksiyasını" müəyyənləşdirməli olduğunu və bu funksiyanın şirkətlər və ev təsərrüfatlarına konkret şokların necə təsir edəcəyini göstərməli olduğunu vurğulayıb.

AMB rəhbəri son olaraq, bankın şəffaflığını və dəyişən iqtisadi şəraitə uyğun reaksiyalarını daha da gücləndirəcəyini açıqlayıb.