Son dövrlərdə banklarda xüsusilə xarici valyutada əmanət faizlərində ciddi artım müşahidə olunur. Hazırda sistem əhəmiyyətli banklarda ABŞ dollarında depozit faizləri illik 4,5%-ə, hətta 3 aylıq faizlər isə 3%-ə qədər yüksəlib.
Finss.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, banklar artıq depozitlərə sığortalanan faizlərdən daha yüksək gəlir təklif edirlər ki, bu da qorunmayan əmanətlərin həcminin artmasına səbəb olur.
Hazırda qanunvericiliyə əsasən, hər bir iştirakçı bankda 100 min manatadək depozitlər sığortalanır. Qorunan əmanətlərin faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada isə 2,5% təşkil edir. Ancaq banklar hazırda xarici valyutada 5%-ə çatan faizlər təklif edirlər ki, bu da o deməkdir ki, həmin vəsaitlər sığortalanmır və bank müflis olarsa, bu əmanətlərin geri qaytarılması təmin olunmur.
Eyni zamanda, 2025-ci ilin yanvar ayının sonuna cəmi depozitlərin həcmi əvvəlki ay ilə müqayisədə 40,27 milyard manatdan 40,18 milyard manata düşüb. Bu azalma, əsasən, qeyri-maliyyə təşkilatlarının yerləşdirdiyi depozitlərin 22,53 milyard manatdan 21,76 milyard manata enməsi ilə bağlıdır.
Millət vəkili bildirir ki, əgər banklarda izafi vəsaitlər varsa, niyə bahalı depozit siyasəti həyata keçirilir? Onun fikrincə, əslində, depozit faizlərinin artımı banklarda likvidlik artıqlığının deyil, əksinə vəsaitə olan tələbatın göstəricisidir ki, bu da kredit bazarı üçün yaxşı siqnal deyil.
Fuad Mədətov
Finss.az