Bu ilin yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin dekabr ayına nəzərən 67 min ədəd artaraq 19,96 milyonu ötüb.
Finss.az Azərbaycan Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,8 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 18,1 faiz, kredit kartları üzrə 0,3 faiz təşkil edib.
Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.
2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,845 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,052 milyon manatı POS-terminallar, 3,1 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68,5 faizini təşkil edib.
Fuad Mədətov
Finss.az