BANK

19 Fevral

Avstraliya Ehtiyatlar Bankı faiz dərəcəsini endirdi

Finss.az - Avstraliya Ehtiyatlar Bankı (RBA) çərşənbə axşamı başa çatan iclasının nəticələrinə əsasən, uçot faiz dərəcəsini 4.35%-dən 4.1%-ə endirdi.

Bu qərar, yüksək inflyasiya ilə mübarizədə əldə edilən irəliləyişin fonunda qəbul edilib və analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Bu, 2020-ci ilin noyabrından, yəni COVID-19 pandemiyasının pik dövründən bəri ilk faiz dərəcəsi endirilməsidir. RBA, 2023-cü ilin noyabrından etibarən ardıcıl doqquz iclas boyunca faiz dərəcəsini son on iki ilin maksimum səviyyəsində saxlamışdı.

Bankın açıqlamasında qeyd edilib ki, inflyasiya sabit şəkildə 2-3% hədəf diapazonuna doğru irəliləyir və RBA bu irəliləyişi daha da əminliklə izləyir. Lakin, mərkəzi bank iqtisadi perspektivlərin qeyri-müəyyən olduğunu və istehlak tələbinin gözləniləndən daha yavaş bərpa olduğunu vurğulayıb. Eyni zamanda, 2024-cü ilin sonlarına doğru ev təsərrüfatlarının xərclərinin bərpasının davamlılığı ilə bağlı qeyri-müəyyənliklərə də diqqət çəkilib.

RBA, qlobal miqyasda risklərin hələ də əhəmiyyətli olduğunu və geosiyasi, siyasi qeyri-müəyyənliklərin bu riskləri daha da gücləndirdiyini bildirib. Mərkəzi Bank, gələcəkdə pul-kredit siyasətinin yumşaldılması qərarlarını ehtiyatla qəbul edəcəyini də qeyd edib.

RBA-nın açıqlamasında həmçinin bildirilib ki, istehlak qiymətləri dördüncü rübdə 2.4% artıb və əsas inflyasiya göstəricisi (volatil kateqoriyaların qiymət dəyişiklikləri nəzərə alınmadan) isə 3.2%-ə çatıb. Bank, inflyasiyanın hədəf diapazonuna qaytarılmasının ən yüksək prioritet olduğunu və gələcək faiz dərəcəsi qərarlarını iqtisadi göstəricilər və risklər əsasında qəbul edəcəyini vurğulayıb.