Finss.az - Gələcək 3-5 il ərzində bir sıra Wall Street bankları, məsələn, Goldman Sachs, Citigroup və JPMorgan Chase Co., işçilərinin sayını 200 min nəfərədək azaltmağı planlaşdırır.
Bu azalmaların səbəbi, banklarda həyata keçirilən rutin işləri və tapşırıqları yerinə yetirmək üçün süni intellekt modellərinin tətbiqi olacaq. Bloomberg-in məlumatına görə, informasiya və texnologiya xidmətlərinin rəhbərləri banklarda işçi sayının 3% azalmasını gözləyirlər. Süni intellektin əsasən arxa ofislər, orta ofislər və əməliyyat şöbələrindəki işçiləri əvəz etməsi ehtimalı var. Bundan əlavə, müştəri dəstək xidmətlərində də dəyişikliklər gözlənilir, çünki bu xidmətlərdə çalışan işçilərin yerini çat-botlar ala bilər.
Bloomberg Intelligence-in baş analitiki Tomas Noetzel, rutin və təkrarlanan tapşırıqlar yerinə yetirən işlərin daha çox süni intellektlə əvəz olunacağını qeyd edib. Lakin, ekspert süni intellektin bu işləri tamamilə ləğv etməyəcəyini, əksinə, işçi qüvvəsinin transformasiyasına səbəb olacağını bildirib.
Bloomberg Intelligence tərəfindən keçirilən sorğuda 93 bankın informasiya və texnologiya məsələləri üzrə direktoru iştirak edib. Onların təxminən dörddə biri işçi sayının 5-10% azalmasını gözləyir. Bu dəyişikliklərin 2027-ci ilə qədər bankların vergi əvvəlki mənfəətini 12-17% artıracağı və ümumilikdə 180 milyard dollar əlavə qazanc əldə etmələrinə səbəb olacağı proqnozlaşdırılır.
Həmçinin, sorğuda iştirak edənlərin 80%-i, süni intellektin növbəti 3-5 il ərzində məhsuldarlığı və gəlir əldə etməyi ən azı 5% artıracağına inanır.
Keçən ilin yayında Citi, bank sektorunun digər sahələrə nisbətən daha çox iş yerini süni intellektlə əvəz etməyə meylli olduğunu bildirmişdi. Citi-nin hesablamalarına görə, bank sektorunda 54% iş yerinin avtomatlaşdırılma potensialı var.
Süni intellektin tətbiqi, bankların əməliyyatlarını daha səmərəli və sürətli hala gətirə bilər, lakin bu, çoxsaylı iş yerlərinin itirilməsi ilə nəticələnəcək. Bank sektoru bu yeni dövrə uyğunlaşmağa çalışır, amma işçilər üçün bu, yeni bacarıqların və yeni iş imkanlarının inkişafını da tələb edəcək.