BANK

10 Yanvar

Mərkəzi Bank xarici valyutanın alqı-satqısı qaydalarında dəyişiklik edib

Finss.az - Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2022-ci il tarixli 49/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nda dəyişikliklər edib.

Dəyişikliklər barədə məlumat verən AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarında iştirak edə biləcək. Əvvəlki qaydalara görə isə valyuta hərraclarına qatılmaq üçün həmin tələbin pozulmaması şərt idi.

Mərkəzi Bankın Hüquq və Təşkilati İşlər Departamentinə tapşırılıb ki, bu qərar 3 gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.