Finss.az - ABŞ-ın mərkəzi bankının Rəhbərlər Şurasının üzvü Kristofer Uollerin fikrincə, Federal Ehtiyatlar Sistemi (FED) bu il ölkədə monetar siyasəti yumşaltmağa davam etməlidir. O, bunu çərşənbə günü Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tədbirində səsləndirib.
Xatırlamaq lazımdır ki, dekabr toplantısında FED faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 4.25-4.5%-ə qədər endirdi, lakin, “şahin” siqnallar verdi. FED rəhbərlərinin yeni inflyasiyaya əsaslanmış proqnozu isə 2025-ci ildə faiz dərəcələrinin cəmi 50 baza bəndi azaldılmasıdır, yəni əvvəllər proqnoz olunandan daha az.
FED, həmçinin, ABŞ-da 2025-ci il üçün inflyasiya proqnozunu daha əvvəl proqnoz olunan 2.1%-dən 2.5%-ə qədər qaldırıb. Bir çox iqtisadçı hesab edir ki, bu, xüsusən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın siyasəti ilə bağlı ölkədə inflyasiya təzyiqinin artması ehtimalları ilə bağlı olub. Qeyd etmək lazımdır ki, o, daha əvvəl idxal rüsumlarının artırılmasına söz verib.
Uoller, Trampın planlaşdırdığı tədbirlərin ABŞ-da inflyasiyanı artıra biləcəyi ilə razılaşır. Lakin, o, bu tədbirlərin “əhəmiyyətli və davamlı” effekt verməyəcəyinə inanır. "Onlar çətin ki, mənim hansı siyasətin məqsədəuyğun olduğuna dair baxışlarıma təsir etsinlər", - deyə Uoller qeyd edib.
O, ABŞ iqtisadiyyatı onun proqnozlarına uyğun inkişaf edərsə, bu il FED-in faiz dərəcələrinin daha da azaldılmasını dəstəkləməyə hazır olduğunu bildirib. “Faiz dərəcələrinin endirilməsinin tempi əmək bazarının zəifləməsini qoruyarkən inflyasiya ilə mübarizədə nə qədər irəliləyəcəyimizdən asılı olacaq”, - Uoller deyib.