BANK

09 Yanvar

FED faiz endirimlərini azaldır – Yeni strategiya

Finss.az -  ABŞ Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini gözlənildiyi kimi bu il dörd dəfə deyil, iki dəfə azaltmağı planlaşdırır.

Bu barədə FED-in rəhbər komitəsinin 2024-cü ilin dekabr ayında keçirilmiş iclasının protokolunda qeyd olunub.

FED-in hesabatında vurğulanır ki, faiz endirimlərinin sürəti əvvəlki illərlə müqayisədə azalacaq. Sənəddə deyilir: “Pul siyasəti ilə bağlı perspektivləri müzakirə edərkən iştirakçılar komitənin siyasətin yumşaldılması tempini yavaşlatmağın məqsədəuyğun olduğunu hesab ediblər”.

Rəsmilər bildiriblər ki, hazırkı məzənnə artıq daha neytral səviyyəyə yaxınlaşır və bu, pul siyasətinin daha ehtiyatla aparılmasını tələb edir. Protokolda qeyd olunur ki, faiz dərəcələrinin növbəti endirimləri ilə bağlı qərarlar daha diqqətli yanaşma tələb edir. Bir çox komitə üzvləri vurğulayıblar ki, yaxın rüblərdə iqtisadi vəziyyətə təsir göstərə biləcək bir sıra qeyri-müəyyən amillər mövcuddur.

Komitə üzvləri həmçinin ABŞ-da inflyasiya tempinin və ölkənin yeni seçilmiş prezidenti Donald Trampın siyasətlərinin iqtisadiyyata mümkün təsirləri barədə narahatlıqlarını ifadə ediblər. Qeyri-müəyyənlik faktorları səbəbindən FED faiz dərəcələrinin aşağı salınmasında daha ehtiyatlı davranmaq niyyətindədir.

Görüş iştirakçıları yekun hesabatda Trampın adını çəkməsələr də, bir neçə dəfə ABŞ-ın immiqrasiya və ticarət siyasətində gözlənilən dəyişikliklərin iqtisadiyyata təsir edə biləcəyini qeyd ediblər. Xüsusilə, bu dəyişikliklərin biznes mühitinə və istehlakçı etimadına təsir göstərə biləcəyi vurğulanıb.