Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” ölkənin və cəmiyyətin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş layihələri və təşəbbüsləri həyata keçirməyə davam edir.
"PAŞA Bank", ADA Universiteti və ADA Universiteti Fondu ilə birgə həyata keçirdiyi "Empower youth: invest in education" adlı sosial layihəsinin növbəti mərhələsini uğurla həyata keçirib. 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbirdə 1 nömrəli ümumi təyinatlı internat və 11 nömrəli İnteqrasiya təlimli internat məktəblərində şagirdlərlə görüş keçirilib.
Bu barədə Finss.az-a bankdan məlumat verilib.
Bu məktəblərdə təhsil alan şagirdlərin yaradıcı potensialını inkişaf etdirmək və onların özlərini daha yaxşı ifadə etmələrinə dəstək olmaq məqsədilə rəssamlar tərəfindən xüsusi təlimlər təşkil edilib. Həmçinin, uşaqlar üçün təhsil almanın və şəxsi inkişafın əhəmiyyəti, pis vərdişlərdən çəkinmə və digər mühüm sosial mövzular üzrə maarifləndirmə tədbirləri təşkil olunub.
Qeyd edək ki, "PAŞA Bank"ın tərəfdaşları ilə birgə həyata keçirdiyi "Empower youth: invest in education" layihəsi 2023-cü ildə başlayıb. Layihə çərçivəsində internat məktəblərində təhsil alan qızların universitetə qədər olan təhsil xərcləri qarşılanır və gələcəkdə seçə biləcəkləri peşə sahələri üzrə fərqli təlimlər, seminarlar, görüşlər və sosial aksiyalar təşkil edilir.
“PAŞA Bank” korporativ sosial məsuliyyət missiyası çərçivəsində bu cür təşəbbüslərini davam etdirmək niyyətindədir.