BANK

07 Noyabr

“Best Managed Companies Azerbaijan 2025” biznes müsabiqəsinə qeydiyyat davam edir

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və “Deloitte” şirkətinin birgə keçirdiyi nüfuzlu “Best Managed Companies Azerbaijan 2025” biznes müsabiqəsinin qeydiyyatının bağlanmasına son 3 gün qalıb.

Bu barədə Fins.az-a bankdan məlumat daxil olub.

Bu nüfuzlu layihə, Azərbaycanın aparıcı özəl şirkətlərini tanıtmaq və mükəmməl idarəetmə təcrübələrini təşviq etmək məqsədi daşıyır. “Best Managed Companies” layihəsi, “Deloitte” şirkətinin özəl şirkətlərə yönəlmiş xüsusi bölməsi olan “Deloitte Private” tərəfindən təqdim edilən qabaqcıl proqramlardan biridir. Proqram Azərbaycanda “Deloitte Private” və “PAŞA Bank”ın sponsorluğu ilə həyata keçirilir. Sahibkarlığın İnkişafı Fondu, ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziya isə tərəfdaşlar olaraq layihədə iştirak edirlər.  

Layihəyə qoşularaq bizneslər dünyaca məşhur şirkətlər siyahısına və “Best Managed Companies” şəbəkəsinə daxil olmaq, biznes fəaliyyətlərində bu addan üstünlük nişanı olaraq istifadə etmək, həmçinin təlimçilərdən faydalı məsləhətlər almaq, güclü və zəif tərəflərini öyrənmək şansını əldə edirlər. Müsabiqə üzrə müraciətlərin qəbulu noyabr ayının 7-dək davam edir. Həmin tarixdən sonra müraciətlərin toplanması yekunlaşacaq və müsabiqənin ikinci mərhələsinə start veriləcək.

Müsabiqənin ikinci mərhələsində şirkətlərin fəaliyyətinin əsas istiqamətləri - strategiya, insan kapitalı, maliyyənin idarə edilməsi, hesabatlılıq, korporativ idarəetmə və digər biznes aspektləri təhlil olunaraq beynəlxalq praktikaya uyğun olaraq qiymətləndirilir. İkinci mərhələnin 31 yanvar 2025-ci il tarixində başa çatması planlaşdırılır. 

“Best Managed Companies” mükafat proqramı “Deloitte Private” tərəfindən 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi uğurla həyata keçirilərək ölkənin ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 46 ölkədə həyata keçirilir. Buraya Çin, ABŞ, cənub-şərqi Asiya, Hollandiya, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir. 

Azərbaycanda 2021-ci ildən keçirilən bu müsabiqədə ümumilikdə 40-a yaxın şirkət iştirak edib və 9 şirkət “Best Managed Companies Azerbaijan” titulu ilə təltif edilmişdir. Bu şirkətlər Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement, SƏBA, iki il ardıcıl olaraq qalib olan Veysəloğlu Şirkətlər Qrupu və üç il ardıcıl olaraq qalib olan METAK şirkətidir. 

“Best Managed Companies Azerbaijan 2025” müsabiqəsində iştirak etmək üçün müraciətlər 3 oktyabr 2024-cü il tarixindən qəbul edilir. Müraciət üçün linkə keçid edin. 

Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin.