“AzerGold” QSC 2024-cü ilin yanvar-sentyabr aylarında qiymətli metalların pərakəndə satışı bazarında fəaliyyətini uğurla davam etdirib. Belə ki, bu ilin 9 ayında QSC-nin rəsmi satış və mübadilə mərkəzi tərəfindən 2582 unsiya qızıl sikkə və külçələrin pərakəndə satışı həyata keçirilib.
Beləliklə, qızılın pərakəndə satışında ötən ilin müvafiq dövrü ilə müqayisədə 35% artım əldə edilib. Bu dövrdə 70 unsiya gümüş məmulatların pərakəndə satışı da həyata keçirilib. Bu ilin yanvar-sentyabr aylarında qızıl və gümüş məmulatlarının pərakəndə satışı nəticəsində 11,4 milyon manat vəsait daxil olmuşdur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59% çoxdur.
Qeyd edək ki, “AzerGold” QSC 2019-cu ildə pərakəndə satışa ilk dəfə 2018-ci ildə təqdim edilən yerli qızıl və gümüş xammaldan hazırlanmış sikkə və külçələri təqdim edib. Bu günə qədər fəaliyyət göstərən dövr ərzində 11 677 unsiya qızıl sikkə və külçələrin və 595 unsiya gümüş sikkələrin pərakəndə satışı həyata keçirilib. Nəticədə 44,2 milyon manat gəlir əldə edilmişdir. Xatırladaq ki, QSC Azərbaycanın müasirliyini, tarixini və incəsənətini, qədim adət-ənənələrini təbliğ edən 11 sikkə kolleksiyası buraxıb. Bu il Heydər Əliyev Fondunun yaradılmasının 20 illiyinə və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş yeni qızıl sikkə kolleksiyaları, o cümlədən paytaxtın qədim hissəsinin təsviri ictimaiyyətə təqdim olunub. Bakı, İçərişəhər.
Kaira Agayeva
Finss.az