BANK

11 Oktyabr

ABARəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilib

08 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilib.

Finss.az xəbər verir ki, Ümumi Yığıncağın gündəliyində duran məsələlər sırasında Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına 2 nəfər bank nümayəndəsinin seçilməsi, BMT-nin “29 İqlim müzakirələri: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində ABA təfindən təşkil ediləcək tətbirlərin keçirilməsi, ABA-nın Ekoloji, Sosial və İdarəetmə (ESİ) bağlı Stategiya layihəsinin müzakirəsi, maarifləndirmə üzrə maliyyə assosiasiyalarının birgə fəaliyyət planının hazırlanması, vahid inkasassiya mərkəzinin yaradılmasına dair məsələlərin müzakirəsi, kredit həyat sığortasının cari statusu, ABA və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Sən Tək Deyilsən” Şəhid xanımlarının təhsilinə dəstək layihəsində ABA üzvlərinin iştirakı, Naxçıvan MR-da filial və bankomat şəbəkəsinin genişləndirilməsi, həmçinin ipoteka kreditinin verilməsinin təşviqi məsələsi və s. olub.

Belə ki, iclas zamanı keçirilən gizli səsvermə nəticəsində Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına ABA üzv bankları tərəfindən “ABB” ASC-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev və “Kapital Bank” ASC-nin İdarə Heyəti üzvü Fərid Hidayətzadə seçilib.

Həmçinin, iclas zamanı ABA-nın nəzdində 2 yeni Ekspert Qrupunun yaradılmasına dair müzakirələr aparılıb. Nəticədə, ABA-nın nəzdində “Pərakəndə bankçılıq” üzrə alt Ekspert Qrupunun və “Kredit həyat sığortası” işçi qrupları birləşdirilərək yeni “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupu”nun və “Data və Süni intellekt üzrə Ekspert Qrupu”nun yaradılması qərara alınıb.

İclas zamanı, həmçinin gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Assosiasiyanın Ali idarəetmə orqanı Ümumi Yığıncaqdır. ABA üzvlərinin bütün nümayəndələrindən ibarət olan Ümumi Yığıncaq ildə bir dəfədən az olmayaraq çağırılır.

Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.

Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Kaira Agayeva 

Finss.az