BANK

15 Oktyabr

"Rabitəbank" III rübü xalis mənfəətlə tamamlayıb -14% ARTIB - HESABAT

"Rabitəbank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 19 milyon 183 min manat xalis mənfəətlə tamamlayıb. 2023-cü ilin eyni dövründə bank 16 milyon 817 min manat xalis mənfəət əldə edib. Bu göstərici 2024-cü ilin 9 ayında 2 milyon 366 min manat və ya 14% artım deməkdir. Xalis mənfəətin artması, bankın gəlirlərinin yüksəlməsi ilə əlaqədardır.

Gəlirlər

Fins.az-ın bankın rüblük hesabatlarına istinadən verdiyi məlumata görə, "Rabitəbank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 65 milyon 670 min manat, 2024-cü ilin 9 ayında isə 83 milyon 830 min manat olub. Bu, 18 milyon 160 min manat və ya 21,7% artım deməkdir. Bankın qeyri-faiz gəlirləri isə 6 milyon 230 min manat artaraq 41 milyon 170 min manata yüksəlib. 2023-cü ilin 9 ayında bank 34 milyon 940 min manat qeyri-faiz gəliri əldə etmişdi.

2024-cü ilin 9 ayı ərzində "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 125 milyon manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 101 milyon 360 min manat təşkil edib. Bank, əməliyyat mənfəətindən 4 milyon 457 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırıb.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 9 ayında "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri 100 milyon 610 min manat, cəmi əməliyyat xərcləri 82 milyon 209 min manat, əməliyyat mənfəəti isə 18 milyon 401 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 583 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmışdı.

2023-cü ilin 9 ayı ilə müqayisədə, 2024-cü ilin 9 ayında "Rabitəbank"ın əməliyyat mənfəəti 5 milyon 239 min manat və ya 28,5% artıb. Əgər mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmada artım olmasaydı, "Rabitəbank"ın xalis mənfəəti daha yüksək olardı.

Kredit Portfeli

2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayında "Rabitəbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 92 milyon 716 min manat və ya 12,8% artaraq 30 sentyabr 2024-cü il tarixində 813 milyon 875 min manat təşkil edib. Bu dövr ərzində bankın istehlak kreditləri portfeli 42 milyon 91 min manat artaraq 281 milyon 725 min manata, biznes kreditləri portfeli 33 milyon 965 min manat artaraq 379 milyon 370 min manata, ipoteka kreditləri portfeli isə 16 milyon 660 min manat artaraq 152 milyon 779 min manata çatıb.

Cəmi Aktivlər

Hüquqi şəxslərin cari hesablardakı vəsaitlərini istifadə etmələri ilə əlaqədar olaraq, 2024-cü ilin 9 ayında bankın cəmi aktivləri 9 milyon 374 min manat azalaraq 1 milyard 129 milyon 75 min manat təşkil edib. Hüquqi şəxslərin "Rabitəbank"da depozitləri 77 milyon 465 min manat və ya 25% azalaraq 230 milyon 973 min manata düşüb, fiziki şəxslərin depozitləri isə 13 milyon 372 min manat və ya 3% artaraq 458 milyon 758 min manata yüksəlib.

Cari ilin 9 ayı ərzində "Rabitəbank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 31 milyon 147 min manat və ya 13,9% artaraq 255 milyon 484 min manata yüksəlib.

Məcmu Kapital

30 sentyabr 2024-cü il tarixində "Rabitəbank" ASC 127 milyon 525 min manat məcmu kapitala malikdir. Bank 2023-cü ilin sonunda 112 milyon 419 min manat məcmu kapitala sahib idi. Bu artım, bankın maliyyə sağlamlığını və genişlənmə strategiyasını dəstəkləyir.

Kaira Agayeva 

Finss.az