BANK

19 Avqust

PAŞA Bank Türkiyə bu ilin 6 ayının maliyyə hesabatlarını AÇIQLAYIB

"PAŞA Bank" ASC-nin Türkiyədəki törəmə bankı olan "PAŞA Bank Türkiyə", 2024-cü ilin ilk yarısına dair maliyyə hesabatlarını açıqlayıb.

Finss.az xəbər verir ki, bankın yaydığı press-relizdə bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə "PAŞA Bank Türkiyə"nin cəmi aktivlərinin həcmi 34,3 faiz, nizamnamə kapitalı 63,6 faiz, nağd pul kreditlərinin həcmi isə 14,4 faiz artıb.

30 İyun 2024-cü il tarixinə olan vəziyyətə görə, Bankın cəmi aktivləri 10 milyard 431 milyon türk lirəsinə (cari məzənnə ilə 526 milyon 765 min manat) çatıb. Bu dövrdə "PAŞA Bank Türkiyə" 255,3 milyon Türk lirəsi (cari məzənnə ilə 12 milyon 892 min manat) mənfəət əldə edib.

"PAŞA Bank Türkiyə"nin baş direktoru H. Cenk Eynehan açıqlamasında bildirib ki, 2024-2026-cı illəri əhatə edən strateji dövründə bankın Türkiyə-Azərbaycan-Gürcüstan üçbucağında ticarətin maliyyələşdirilməsində rolunu daha da artırmağı planlaşdırır. Eynehan, PAŞA Bankın bu bölgədə ticarət etmək və sərmayə qoymaq istəyən, cari iş həcmini artırmağı hədəfləyən şirkətlər üçün maliyyə körpüsü olmaqla yanaşı, eyni zamanda, bu şirkətlər üçün regionda bələdçi və strateji həll ortağı olmaq missiyasını öz üzərinə götürdüyünü vurğulayıb.