Azərbaycanın strateji valyuta ehtiyatları 2024-cü ildə 74 milyard ABŞ dollarına çatacaq. Bu barədə “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyinin ölkə üzrə reytinq qiymətləndirməsində bildirib. Qeyd edilib ki, bu il üzrə Azərbaycanın strateji valyuta ehtiyatları proqnozlaşdırılan ÜDM-in 98 faizinə yaxınlaşacaq.
Ölkə rezervlərinin 80 faizi Azərbaycanın Dövlət Neft Fonduna (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankına (ARMB) aiddir.
Ekspertlərin fikrincə, ölkənin strateji valyuta ehtiyatlarının davamlı olaraq artması bir sıra amillərlə şərtlənir. Bu, ilk növbədə, Azərbaycanın bu gün qeyri-neft sektorunun inkişafı istiqamətində gerçəkləşdirdiyi islahatların ardıcıl xarakter daşıması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional layihələrin həyata keçirilməsi sayəsində dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkəsinə çevrilməsi ilə bağlıdır.
Dövlətimizin başçısının çıxışlarının birində bununla bağlı qeyd etdiyi kimi, uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın dayanıqlı surətdə inkişaf etməsinə, bir sektordan – neft-qaz sektorundan asılı olmamağa imkan verib. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməyib. Bu, Azərbaycanın iqtisadi modelinin unikallığı və ölkəmizin seçdiyi yolun nə qədər düzgün olmasını bir daha göstərirb.
Yeri gəlmişkən, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təminatı olan valyuta ehtiyatlarının getdikcə artması iqtisadi islahatların daim diqqət mərkəzində saxlanılmasının məntiqi nəticəsidir. Xatırladaq ki, 2004-cü ildə birinci regional Dövlət Proqramı hazırlanıb qəbul edilən zaman respublikamızın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar olub. Azərbaycan, hətta ən çətin illərdə, dünyada maliyyə böhranı hökm sürdüyü dövrdə – 2015-ci, 2016-cı, 2017-ci illərdə belə valyuta ehtiyatlarını qoruya və artıra bilib. Təkcə 2019-cu ildə ölkəmizin valyuta ehtiyatları 6,4 milyard dollar, hazırda isə yuxarıda xatırlatdığımız kimi, cari ilin ilk 5 ayında 69,7 milyard ABŞ dollar olub.
Azərbaycanın valyuta ehtiyatlarının artmasında son illərdə yaradılan sənaye zonalarının da mühüm təsiri olub. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, respublikada 2024-cü ilin I rübündə sənaye zonalarında 640 milyon manat dəyərində məhsul satışı həyata keçirilib, bunun da 224 milyon manatı ixracın payına düşüb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6 faiz, ixracında isə 28,2 faiz təşkil edib.
2015-ci ildən 2024-cü ilin I rübünün sonunadək sənaye zonalarında 12,74 milyard manat dəyərində məhsul satılıb ki, bunun da 4,1 milyard manatlıq hissəsi ixraca yönəldilib. Bununla yanaşı, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib. Sənaye zonalarına sahibkarların cəlb olunması, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılıb.
Qeyd edək ki, 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6 min 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.