Naxçıvan Muxtar Respublikasında kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Fins.az Naxçıvan Muxtar Respublikasının rəsmi nəşrinə istinadən, xəbər verir ki, bu barədə Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 yanvar 2024-cü il tarixə 16 milyon manata yaxın olubsa, 2024-cü il 1 iyul tarixinə 10,1 milyon manat və ya 63,5 faiz azalaraq 5,8 milyon manata endirilib.
A.İsmayılov bildirib ki, bunun nəticəsində fondun ehtiyatlarının qalıq məbləği 2,4 dəfə artaraq 6,7 milyon manatdan 16,1 milyon manata çatıb.
“Cari ilin ilk 6 ayında vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 dəfə çox olub. Eyni zamanda, hesabat dövrü ərzində fondun kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib. Hazırda Fondun kredit portfeli 52,5 milyon manat təşkil edir", - A.İsmayılov qeyd edib.