Mərkəzi Bank tərəfindən maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığın artırılması daim diqqətdə saxlanılır. Mətbuat nümayəndələri üçün təlimlərin və məlumat sessiyalarının təşkil olunması bu istiqamətdə mühüm təşəbbüslər sırasındadır.
Fins.az xəbər verir ki, mətbuat nümayəndələri üçün növbəti təlimlər 19 iyul tarixində keçirilib. Mərkəzi Bankın nümayəndələri tərəfindən təqdimat formasında təşkil olunan bu təlimlərdə “Pul siyasətinin transmissiyası” və “Xüsusi tənzimləmə rejimi” mövzuları əhatə olunub.
“Pul siyasətinin transmissiyası” mövzusuna dair təqdimatda pul siyasətinin ötürücülüyünün mahiyyəti, pul siyasətinin hədəfləri və alətləri, Azərbaycanda pul siyasətinin transmissiyasının faiz kanalının gücləndirilməsi istiqamətində görülən tədbirlər və bu tədbirlərin nəticələri və s. kimi mühüm məqamlara dair məlumatlar səsləndirilib. Qeyd olunub ki, ölkədə banklararası pul bazarının aktivləşməsi, pul bazarı üzrə bençmark faiz indekslərinin formalaşması, bu indekslərin faiz dəhlizi daxilində idarə edilməsi faiz ötürücülüyünün gücləndirilməsi istiqamətində əldə edilmiş mühüm nəticələrdir.
“Xüsusi tənzimləmə rejimi” üzrə təqdimatda isə Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminin əsas məqsədləri, seçim və sınaq prosesi kimi istiqamətlər əhatə olunub və beynəlxalq təcrübədən nümunələr paylaşılıb.
Təqdimatın gedişatı zamanı mətbuat nümayəndələrinin təlim mövzuları ətrafında sualları da cavablandırılıb.
Təlimin sonunda Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat nümayəndələri ilə görüşərək Milli Mətbuat Günü ilə bağlı öz səmimi arzularını çatdırıb. O, Mərkəzi Bankın siyasət qərarlarının, fəaliyyətinin və təşəbbüslərinin aydın və operativ şəkildə cəmiyyətə ötürülməsində mətbuat nümayəndələrinin rolunu xüsusilə vurğulayıb.
Fuad Mədətov
Fins.az