BANK

12 İyul

AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 467 milyon dollar gəlir əldə edib

2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə - 466,5 milyon ABŞ dolları gəlir əldə edib. Halbuki, qurum 2022-ci ildə bu istiqamətdə 41,8 milyon ABŞ dolları zərər etmişdi.

Fins.az xəbər verir ki, il ərzində qurumun investisiya portfelinin gəlirliliyi 4,73 % təşkil edib. Buna xarici maliyyə bazarlarında sabit gəlirli qiymətli kağızlar üçün mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyası nəticəsində nail olunub.

"Ötən ilin əməliyyat investisiya proqramına uyğun olaraq AMB-nin valyuta ehtiyatları pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib. Valyuta ehtiyatları hər bir tranşın və alt-portfellərin məqsədlərinə uyğun müəyyən edilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazidövlət borc öhdəliklərinə investisiya edilib.

Valyuta ehtiyatlarının əksər hissəsi daxili idarəetmə çərçivəsində idarə olunsa da, cəlb edilmiş xarici menecerlərlə əməkdaşlıq hesabat dövründə də davam etdirilib. 2023-cü ilin sonuna rəsmi valyuta ehtiyatlarının 88 %-ni ABŞ dolları, 4 %-ni avro, 2 %-ni funt-sterlinq və 6 %-ni isə SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.

Kaira Agayeva 

Fins.az