BANK

05 İyun

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa dair müzakirə aparılıb

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə birgə fəaliyyətin istiqamətləri müzakirə edilib.

Fins.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.

İqtisadiyyat naziri ölkəmizin beynəlxalq maliyyə qurumları ilə çoxvektorlu və faydalı əməkdaşlıq münasibətlərinin önəmini vurğulayıb. Həmçinin, Beynəlxalq Valyuta Fondu ilə əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib. Görüşdə Azərbaycanda iqtisadi sahədə islahatlar və əldə olunan nəticələr, inkişaf hədəfləri, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq layihələri, eləcə də COP29 üzrə görülən işlər və s. haqqında məlumat verilib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon təmsil etdiyi qurumla ölkəmiz arasında əlaqələrin genişləndiyini vurğulayıb, tərəfdaşlığa dair fikirlərini bölüşüb.

Tərəflər ölkəmizin makroiqtisadi göstəriciləri və biznes sahəsində islahatların nəticələri, iqtisadi diversifikasiyanın dəstəklənməsi istiqamətində təşəbbüslər, vergi inzibatçılığı sahəsində nəzərdə tutulan islahatlar barədə müzakirə aparıblar.