BANK

28 Dekabr

Mərkəzi Bank gələn il üzrə illik inflyasiyanın 5-5.5% civarında olacağını proqnozlaşdırır

Mərkəzi Bank 2024-cü ildə ölkədə illik inflyasiyanın 5-5.5% civarında olacağını proqnozlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Məlumata görə, inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək.

"Mərkəzi Bank 2024-cü ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcəkdir. Ümumi inflyasiya ilə yanaşı baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaq, inflyasiya gözləntilərinin qiymətləndirilməsi işi davam etdiriləcəkdir. Qiymət sabitliyi ilə bağlı bir sıra risklər 2024-cü il üzrə də aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar - dünya bazarında əmtəə qiymətlərinin dinamikası və ticarət tərəfdaşlarında inflyasiya prosesləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcəkdir. Qlobal mühitdə geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorlar çox dəyişkən ola bilər", - bəyanatda deyilir.

Mərkəzi Bank xüsusən də dünya enerji qiymətlərinin kəskin dəyişkənliyinin Azərbaycanın xarici şəraiti üçün təhdid yarada biləcəyini qeyd edib.

"Mümkün xarici şokun neqativ təsirlərinin minimallaşdırılması sahəsində hökumətlə Mərkəzi Bankın böhran idarəetməsi təcrübəsi və kifayət qədər resursları mövcuddur. Məcmu tələbin izafi genişlənməsi, xərc amillərinin təsirilə inflyasiya gözləntilərinin artması isə inflyasiya hədəfinə nail olmaqda başlıca daxili risk mənbələridir. Mövcud meyillərin davam etməsi halında fiskal məqsədlər üçün alışyönlü valyuta müdaxilələrinin 2024-cü ildə həyata keçirilməsi ehtimalı var. Məcmu tələb ölkənin istehsal potensialı ilə müqayisədə daha yüksək templərlə genişləndiyi təqdirdə qiymətlərlə yanaşı, idxalın genişlənməsi də baş verir ki, bu da perspektiv dövrdə cari əməliyyatlar balansının profisitinin daralmasına səbəb ola bilər. Orta aylıq əməkhaqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artması uzunmüddətli dövrdə inflyasiya riskləri doğurur", - deyə Mərkəzi Bank qeyd edir.

Fuad Mədətov
Fins.az