BANK

21 Dekabr

JPMorgan-dan Türkiyənin 2024-cü ildə xarici borclanmasına dair PROQNOZ

JPMorgan-ın Mərkəzi Avropa, Yaxın Şərq və Afrika borc kapitalı bazarlarından məsul icraçı direktoru Stefan Ueiler Türkiyənin ortodoks maliyyə siyasətini yenidən həyata keçirməsi sayəsində 2024-cü ildə xarici bazarlardan borclanma rekordu qıra biləcəyini və xarici investorların Türkiyəyə qayıtmağa davam edə biləcəyini söylədi. 

Fins.az xəbər verir ki, Reuters-ə danışan Ueiler, "Bizim baxışımızdan Türkiyəni gələn ilin potensial böyük hekayələrindən biri olaraq görürük" dedi və əlavə etdi ki, gələn il dövlət və şirkətlər tərəfindən buraxılan istiqraz və veksellərin məbləği asanlıqla 25 milyard dolları keçə bilər. 

Hökumətin 2024-cü ildə xarici bazarlardan bu ilki rəqəmə uyğun olaraq təxminən 10 milyard dollar borc alacağı gözlənilir. Ueiler, nağd pul qıtlığı yaşayan şirkətlər və banklar tərəfindən borclanmada "əhəmiyyətli artım" gözlədiyini söylədi.

Ueiler, "Qlobal bazar şərtləri konstruktiv olduğu və bəzi dəyişikliklərin tərsinə çevrilmədiyi müddətcə Türkiyə beynəlxalq kapital bazarı emissiya fəaliyyətləri baxımından indiyə qədər ən sıx ili qeyd edə bilər" dedi.

O əlavə edib ki, Ərdoğanın ötən illərdə birdən-birə mərkəzi bank rəhbərlərini işdən çıxarmaq və siyasəti tərsinə çevirmək meylinə baxmayaraq, onlar ölkənin fiskal siyasətdəki son dəyişiklikdən geri çəkiləcəyini gözləmirlər.

"Xarici kapital artıq geri qayıtmağa başlayıb və sanki Türkiyə üçün atmosfer dəyişib", - deyib.

Ueiler martın 31-də keçiriləcək yerli seçkilərə toxunaraq, "Bu vəziyyət tərsinə çevrilsə, çox təəccüblənərdim və düşünürəm ki, qarşıdan gələn yerli seçkilər Türkiyənin kursunu daha da aydınlaşdıracaq".

JPMorgan-ın gələn il inkişaf etməkdə olan ölkələrin xarici valyutada borclanma məbləğində qlobal artım gözlədiyini ifadə edən Ueiler Çinin borclanması azaldığı üçün ümumi səviyyənin tarixi zirvələrə yaxınlaşmayacağını ifadə etdi.

Günel Məlikzadə
Fins.az