BANK

20 Dekabr

UNEC-in professoru Zahid Məmmədov Rabitəbankın "yaşıl istiqraz"ları haqqında danışıb

UNEC-in Elmi fəaliyyətin təşkili və idarəolunması departamentinin direktoru, i.e.d., Prof. Zahid Fərrux Məmmədov Gəncədə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli Ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransın elm komitəsinin sədri kimi iştirak edib. Konfransda ekoloji siyasət, ekoloji təhlükəsizlik, "yaşıl maliyyə", "yaşıl bankçılıq", "yaşıl energetika", "yaşıl şəhər", "yaşıl nəqliyyat", "yaşıl qida", "yaşıl dizayn" və sağlam həyat tərzi kimi mövzular müzakirə olunub.

Fins.az xəbər verir ki, konfrans çərçivəsində birləşdirilmiş bölmə iclasına rəhbərlik etmiş Prof. Zahid Fərrux Məmmədov çıxışında ölkəmizdə ekoloji tarazlığın və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Natiq bu tədbirlərdən biri kimi Azərbaycanın nüfüzlü banklarından olan Rabitəbankın 10 milyon manatlıq "yaşıl istiqraz" buraxmasının ətraf mühitin qorunması və "yaşıl iqtisadiyyat"ın dəstəklənməsi üçün böyük töhfə olduğunu qeyd edib. Dayanıqlı maliyyələşmə və "yaşıl istiqraz"lar üzrə Rabitəbankın  fəaliyyətini təqdir etdiyini ifadə edən Prof. Z.F.Məmmədov bu təşəbbüslərin ölkəmizdə tətbiqi imkanları genişləndirdiyini bildirib.

Müzakirə formasında təşkil edilmiş tədbirdə Prof. Z.F.Məmmədov iştirakçıların dayanıqlı maliyyələşmə və "yaşıl istiqraz"larla bağlı suallarını da cavablandırıb.

Tədbirdə dövlət, biznes, ali təhsil müəssisələrinin, AMEA elmi təşkilatlarının, investisiya şirkətlərinin və bankların nümayəndələri iştirak ediblər.