BANK

07 Dekabr

ABŞ banklarının baş direktorlarından yeni qaydalara qarşı xəbərdarlıq

ABŞ-ın böyük banklarının rəhbərləri yeni qaydaların iqtisadiyyata zərər verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ-ın iri banklarının baş icraçı direktorları (CEO) xəbərdarlıq ediblər ki, bank sektoru üçün bank kapitalının artırılmasını nəzərdə tutan yeni tənzimləmə təklifi iqtisadiyyata zərər verə bilər.

JPMorgan Chase, Wells Fargo, Bank of America, Citigroup, Goldman Sachs, Morgan Stanley, State Street və BNY Mellon-un yüksək səviyyəli rəhbərləri ABŞ Senatının Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsində keçirilən "Uoll Strit şirkətlərinə illik nəzarət" adlı sessiyada iştirak ediblər.

Sözügedən bankların top-menecerləri builki sessiyada bank sektoru üçün yeni tənzimləmə təklifinin, o cümlədən ABŞ Federal Ehtiyat Sisteminin (FED) iri bankların kapital tələblərini artırmaq planının mümkün riskləri barədə xəbərdarlıq ediblər.

"Basel III Endgame" olaraq bilinən yeni tənzimləmə təklifinə qarşı çıxan bank rəhbərləri, onların gəlirliliyinə təsir edə biləcəyi səbəbiylə, sektorun daha çox çevikliyə ehtiyac duyduğu bir vaxtda tənzimləmənin kreditləri azaldacağını və bank balanslarını zəiflədəcəyini müdafiə etdi.

JPMorgan Chase İcraçı Direktoru (CEO) Ceymi Dimon sessiyadakı çıxışında tənzimləyici qanun layihəsinin qüvvəyə minməsinin ABŞ iqtisadiyyatını "Fed-in araşdırmadığı və ya nəzərdən keçirmədiyi şəkildə" əsaslı şəkildə dəyişəcəyini bildirib.

Dimon bildirib ki, “böyük bankların kifayət qədər kapitallaşdırılmadığına dair heç bir dəlil yoxdur” baxmayaraq, təklif olunan tənzimləmə qüvvəyə minərsə, “ədalətsiz və lazımsız şəkildə” iri banklar üçün kapital tələblərini 20-25 faiz artıracaq.

Bankların kapitala ən çox ehtiyac duyduqları vaxt bölüşdürmə imkanlarının məhdud olacağına diqqət çəkən Dimon tənzimləmə təklifinin iqtisadiyyata, bazarlara, hər ölçüdə biznesə və Amerika ev təsərrüfatlarına mənfi təsir göstərəcəyini ifadə etdi.

Morgan Stanley-in baş direktoru Ceyms Qorman da banklara əlavə kapital tələbləri qoyan tənzimləyici təklifin ABŞ iqtisadiyyatına və istehlakçılara təsirinin nəzərə alınmalı olduğunu vurğulayıb.

Günel Məlikzadə
Fins.az